Məzmuna keç

Bardolino

Şəhər
Bardolino
Bardolino
San Covanni qapısı
San Covanni qapısı
45°33′06″ şm. e. 10°43′17″ ş. u.HGYO
Ölkə İtaliya
Tabeliyində Çizano, Kalmazino
Region Veneto
Əyalət Verona
Tarixi və coğrafiyası
Sahəsi 57,33 km²
Mərkəzin hündürlüyü 65 ± 1 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 7.186 nəfər (31 dekabr 2020)
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 045
Poçt indeksi 37011
Nəqliyyat kodu VR
Digər
comune.bardolino.vr.it
Xəritəni göstər/gizlə
Bardolino xəritədə
Bardolino
Bardolino
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bardolino — İtaliyanın Veneto regionunda, Verona əyalətində yerləşən şəhər və bələdiyyədir. Venesiyadan təxminən 130 km qərbdə, Veronadan isə 25 km şimal-qərbdə yerləşir.

Bardolino Qarda gölünün şərq sahilində yerləşir. Bələdiyyə Affi, Kavaion Veroneze, Kostermano, Qarda, Lazize, Manerba del Qarda, Moniqa del Qarda, Padenge sul Qarda və Pastrengo bələdiyyələri ilə həmsərhəddir. Yerli iqtisadiyyat əsasən turizmə və şərab istehsalına, o cümlədən Bardolino DOC şərabının istehsalına əsaslanır.[1]

Bardolino limanı

Arxeoloji qazıntılar göstərir ki, ərazidə, xüsusilə Çizano ətrafında, insanlar tarixdən əvvəlki dövrlərdən məskunlaşmışlar.[2] Burada Qədim Roma dövrünə aid izlər də aşkar edilmişdir. Müasir yaşayış məntəqəsinin əsası isə erkən orta əsrlərdə qoyulmuşdur. 983-cü ildə İtaliya kralı II Berengar burada qala tikdirmişdir. Həmin dövrdə ərazi Bobbio abbatlığının hakimiyyəti altında idi.[3]

XII əsrdə Bardolino azad bələdiyyə kimi qeyd olunur. Sonralar Verona Skaliqerlərinin hakimiyyəti altına keçmiş, onlar istehkamları genişləndirərək bütün kəndi müdafiə divarları ilə əhatə etmişlər. Skaliqerlərin hakimiyyəti sona çatdıqdan sonra Bardolino Venesiya Respublikasının tərkibinə daxil olmuş və burada dəniz hərbi bazası yaradılmışdır. 1526-cı ildə şəhər landsknextlər tərəfindən talan edilmişdir.

Lombardiya-Venesiya Krallığının tərkibində Bardolino Avstriyanın inzibati mərkəzlərindən biri olmuşdur. 1848-ci ildə Sardiniya Krallığının qüvvələrinin Birinci İtaliya İstiqlaliyyət müharibəsində qazandığı ilkin qələbələrdən sonra şəhər Avstriya hakimiyyətinə qarşı üsyan etmişdir. Avstriya qüvvələri sonradan repressiyalar həyata keçirmiş, ərazidə dağıntılar törətmiş və insanları güllələmişlər. 1866-cı ildə Bardolino yeni yaradılmış İtaliya Krallığına birləşdirilmişdir.

Görməli yerləri

[redaktə | vikimətni redaktə et]
  • San Zeno kilsəsi — IX əsrin ortalarına aid tikilidir və İtaliyada Karolinq memarlığının azsaylı nümunələrindən biridir. Kilsədə ilkin freska bəzəklərinin izləri qorunub saxlanılmışdır.
  • San Severo kilsəsi — XI–XII əsrlərə aiddir. Burada XII–XIV əsrlərə aid freskalar və erkən orta əsrlərdən qalma sərdabə mövcuddur.[4]
  • San Nikola və San Severo kilsəsi — 1830–1844-cü illərdə memar Bartolomeo Cul yari tərəfindən inşa edilmişdir və şəhərin əsas kilsəsidir.
  • San Kolombano monastırı — XI əsrə aiddir və Bobbio abbatlığından asılı olmuşdur.
  • Santa Maria kilsəsi — VII əsrə aid erkən xristian kilsəsinin yerində, daha qədim bütpərəst məbədin üzərində inşa edilmiş, XII əsrdə yenidən qurulmuşdur.
  • Şəhər divarları — XII əsrə aiddir.[5]
  • Villa Bottacizio — XIX əsrə aid villadır.
  • Villa Querrieri — XIX əsrə aid villadır.
  • Villa Ferrari — XIX əsrə aid villadır.
  • Casa Ottolenghi — 1974–1978-ci illərdə memar Karlo Skarpa tərəfindən layihələndirilmişdir.[6]
  • Sisàn muzeyi — Qarda gölü ətrafında balıqçılıq və quş ovçuluğuna həsr olunmuş muzeydir.
  • Zeni Şərab Muzeyi — 1991-ci ildə Zeni şərab zirzəmisinin nəzdində yaradılmışdır. Burada əsasən Verona bölgəsinin şərabçılıq mədəniyyətinə aid əşyalar nümayiş etdirilir. Fərdi ziyarətçilər üçün giriş pulsuzdur, qruplar isə əvvəlcədən rezervasiya etməlidirlər.
  1. ↑ "Welcome to Bardolino" (ingilis). Visit Bardolino. İstifadə tarixi: 9 oktyabr 2026.
  2. ↑ "History of Bardolino, from prehistory up to the present" (ingilis). Visit Bardolino. İstifadə tarixi: 9 oktyabr 2026.
  3. ↑ "History of Bardolino, from prehistory up to the present" (ingilis). Visit Bardolino. İstifadə tarixi: 9 oktyabr 2026.
  4. ↑ "Places of worship" (ingilis). Visit Bardolino. İstifadə tarixi: 9 oktyabr 2026.
  5. ↑ "Culture and things to see in Bardolino" (ingilis). Visit Bardolino. İstifadə tarixi: 9 oktyabr 2026.
  6. ↑ "Atlante. Bardolino – Casa Ottolenghi (architetto Carlo Scarpa, 1974–1979) – Giardino con edera – Stagno – Colline, Sinigaglia, Alberto – Fotografie – Lombardia Beni Culturali". www.lombardiabeniculturali.it. İstifadə tarixi: 4 aprel 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]